Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 10 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların üzvləri, Mədəniyyət Mərkəzi ilə tərəfdaşlıq edən qurumların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qurumun yarandığı gündən bəri keçdiyi yola nəzər salıb. Qeyd edilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2012-ci il Sərəncamı əsasında Avstriyada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə yaradılıb. Mərkəzin əsas hədəfi Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdir. 2013-cü ilin may ayında baş tutan rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Avstriya Parlamentinin sədri Frits Noyqebauer iştirak ediblər.
Bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi mədəniyyətlərarası əlaqələrin qurulduğu və yüksəkkeyfiyyətli incəsənət tədbirlərinin keçirildiyi bir məkan kimi tanınır, burada Azərbaycan mədəniyyəti ən yüksək səviyyədə təqdim olunur. Mayın 13-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Vyana Konserthaus Mədəniyyət Evində keçirilən qala-konsert məhz bu qəbildən olan önəmli tədbirlərdən biri idi.
L. Qasımova qeyd edib ki, Mərkəz fəaliyyəti boyunca uşaq və gənclərin istedadının üzə çıxarılmasını və təqdimatını diqqətdə saxlayır. Ona görə də 10 illik yubileyi münasibətilə, burada təşkil olunan Azərbaycan dili həftəsonu kurslarında iştirak edən uşaqların əl işlərindən ibarət sərgi hazırlanıb. O, növbəti tədris ilində həftəsonu məktəbinə maraq göstərən ailələrin sayının daha da artacağına ümidvar olduğunu söyləyib.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, iki ölkə arasında siyasi, diplomatik və iqtisadi əlaqələrin bünövrəsi üzərində Mədəniyyət Mərkəzinin timsalında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi labüd idi. Azərbaycan incəsənəti və musiqisini təbliğ edən Mədəniyyət Mərkəzi xalq diplomatiyası funksiyasını yerinə yetirir, həmçinin Azərbaycanın mədəniyyət diplomatiyasında önəmli yer tutur.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik fəaliyyətinə həsr olunan və onun tədbirlərində iştirak edən qonaqların müsahibələrinin yer aldığı sənədli film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, caz kompozisiyaları təqdim olunub.
Tədbir ziyafətlə davam etdirilib.