Tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Ana dilinin əhəmiyyəti və bu kursların mərkəzin fəaliyyətində tutduğu önəmli yerdən bəhs edib. Bildirilib ki, kiçikdən böyüyə hamının sevimli bayramı olan Novruz ərəfəsində təşkil olunan tədbir kurslarda iştirak edən uşaqların böyüklərə ərməğanıdır. Bayrama xüsusi həvəslə hazırlaşan balacalar ana dilində şeir və mahnılar, eləcə də müxtəlif milli rəqslər öyrəniblər.
Sonra kursun rəhbəri Yeganə Balamədova bayram proqramı barədə məlumat verib, Vyanada yaşayan soydaşlarımızı öz övladlarını daha fəal şəkildə Mədəniyyət Mərkəzi nəzdindəki həftəsonu kurslarına, rəsm və rəqs dərnəklərinə üzv yazdırmağa dəvət edib.
Uşaqlar səhnəyə çıxaraq, Novruza həsr olunmuş mahnılar və şeirlər səsləndirib, milli rəqslər ifa ediblər. Konsertin ardınca görkəmli Azərbaycan ədibi Abdulla Şaiqin müəllifi olduğu “Tıq-tıq xanım” nağılının motivləri əsasında kukla tamaşası mərkəzin əməkdaşları Rəşidə Əsgərli və Gülər Əzizovanın təqdimatında nümayiş olunub.
Bədii hissədən sonra uşaqlar və valideynlər bayram süfrəsinə dəvət ediliblər, eləcə də uşaqlar üçün Novruza xas müxtəlif oyunlar keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzində dil kursları iki istiqamətdə fəaliyyət göstərir. Avstriyada yaşayan soydaşlarımızın övladları üçün həftəsonu kurslarında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və mədəni irsi barədə biliklər öyrədilir.
Filologiya üzrə fəlsəfə doktoru Yaqut Abdallanın rəhbərlik etdiyi kurslarda isə Azərbaycan dili xarici dil kimi tədris olunur. Əcnəbilər üçün Azərbaycan dili kursu Mədəniyyət Mərkəzinin təsis olunduğu 2013-cü ildən fəaliyyət göstərir.