Mayın 21-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan klassik musiqisinin təbliğinə xidmət edən “Odlar Yurdunun sədaları” beynəlxalq musiqi müsabiqəsinin finalı keçirilib.
Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Vyanada fəaliyyət göstərən “CultureMeetingPoint” təşkilatı dəstək göstəriblər.
Təşkilatın sədri Kamal Əkbərov tədbiri giriş sözü ilə açaraq klassik musiqinin beşiyi sayılan Vyana şəhərində belə bir müsabiqənin keçirilməsinin əhəmiyyətinə toxunub. O, tədbirin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara minnətdarlığını bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik olan bu müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb və Azərbaycan musiqisini tanıtmağa xidmət edən bu kimi layihələrin dəstəklənəcəyini deyib.
Münsiflər heyətinin fəxri sədri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, müsabiqə, ilk növbədə, klassik musiqi ifaçılığının inkişafına mühüm töhfə verir. O, bütün finalçıların yüksək peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb və Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən musiqiçiləri də təqdir edib.
Müsabiqədə Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən Aleksander Maria Vaqner (Almaniya) və Qriqorios İoannou (Yunanıstan) xüsusi mükafata layiq görülüblər. Münsiflərin qiymətləndirməsinə görə, Heli Kanq (Cənubi Koreya) birinci, Anna Leyerer (Avstriya) ikinci və Qriqorios İoannou isə üçüncü yeri tutublar.
Mükafatlandırma mərasimindən sonra yer tutan musiqiçilər qala konsertlə çıxış ediblər. Qriqorios İoannounun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz“ romansı və Aleksander Maria Vaqnerin ifasında isə Tofiq Quliyevin “Cəmilənin albomu“ (On iki pyes) əsəri xüsusi maraq doğurub.
Qeyd edək ki, Avstriyada yaşayan musiqiçilər ötən dövr ərzində Abuzər Manafzadə, Aria Torkanbouri, Jalə Rəsulova, musiqişünaslar Kəmalə Əhmədova və Fərəh Tahirova, müsabiqənin münsiflər heyəti Azərbaycan bəstəkarlarının əsərləri, tələb və qaydalarla bağlı bütün müvafiq işləri uğurla tamamlayıblar, eləcə də münsiflər heyətinin işində yaxından iştirak ediblər.
Finalı onlayn və canlı ifadan ibarət olan müsabiqənin münsiflər heyətində Xalq artisti Fərhad Bədəlbəyli ilə yanaşı Xalq artisti Yusif Eyvazov, Əməkdar artistlər Rəna Rzayeva və İslam Manafov, əslən bakılı professor Oleq Marşev, professor Ştefan Möller kimi nüfuzlu musiqiçilər yer alıb.
Doğurduğu əks-sədanı nəzərə alaraq təşkilati komitə növbəti il keçiriləcək müsabiqədə fortepiano ilə yanaşı vokal və digər musiqi alətlərinə də yer verilməsini nəzərdən keçirəcək.