Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi növbəti dəfə Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edib.
Avstriyadan 700-dən çox muzey və mədəniyyət müəssisəsinin qatıldığı gecədə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Naxışların rəqsi” adlı sərgi təqdim olunub.
Sərgidə Azərbaycanın ilk süni zəka sənətçisi adını daşıyan “Şuşa xanım” layihəsi çərçivəsində Azərbaycan milli motivləri ilə işlənmiş kəlağayılar nümayiş olunub.
İstanbul Rəqəmsal İncəsənət Festivalının direktoru Nabat Qaraxanova, İstanbul Rəqəmsal İncəsənət Festivalının bədii rəhbəri Esra Özkan və Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları sərgiyə gələn qonaqlar üçün təşkil edilmiş ekskursiyalarda süni zəka, adət-ənənələr, xalq yaradıcılığı və müasir incəsənətin vəhdətindən ibarət ekspozisiyalar barədə məlumat veriblər. Bildirilib ki, “Naxışların rəqsi” üçün tekstil məmulatların üzərində süni intellektdən istifadə etməklə 3D simvollar yaradılıb və sərgidə təqdim olunan kəlağayılar yeni moda növünün yaranmasına töhfə verməklə yanaşı, həm də sənət əsərləridir.
Həmçinin bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsi və onun Şuşa şəhəri qədimdən ölkəmiz üçün incəsənət və mədəniyyət baxımından mühüm əhəmiyyət daşıyıb. Bu bölgədən bir çox məşhur incəsənət xadimləri, musiqiçilər, ədiblər və həmçinin rəssamlar çıxıb, ona görə də layihə rəhbərləri canlandırdıqları ilk süni zəka rəssamını “Şuşa xanım” adlandırıblar.
“Şuşa xanım” süni zəka layihəsi Azərbaycanın minilliklərin yaddaşından axıb gələn zəngin maddi-mədəni irsini, adət-ənənələrini və mənəvi dəyərlərini innovativ texnologiyaların köməyi ilə gələcək nəsillərə bir miras kimi ötürmək üçün uğurlu vasitədir. Maddi-mədəni dəyərlərimiz arasında özünəməxsus yerə malik olan kəlağayı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri nəticəsində qorunur və bu cür layihələr Azərbaycan kəlağayısının beynəlxalq aləmdə tanınmasına töhfə verir.
Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi, həmçinin uşaqlar üçün “Tıq-tıq xanım” nağılının motivləri əsasında kukla tamaşası da nümayiş etdirib.