Azərbaycan Mədəniyyət Mərkəzi Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edir.
Layihə çərçivəsində görkəmli azərbaycanlı rəssam, Dövlət mükafatlarının laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov və onun qızı, Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Nəsillərin rəng dünyası” sərgisi geniş ictimaiyyətə təqdim olunub.
Sərgidə T. Nərimanbəyovun yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gələn və hamısı fərdi kolleksiyalarda saxlanılan əsərləri avstriyalı incəsənətsevərlərə nümayiş olunub. Mərkəzin əməkdaşları müvafiq vaxt intervalları ilə seyrçilər üçün alman və ingilis dillərində ekskursiyalar təşkil edərək, sərgidəki əsərlər və müəlliflər barədə ətraflı məlumat veriblər. Maraqlanan şəxslərə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə danışılıb, onlara Azərbaycanın turizm imkanlarına dair bukletlər təqdim edilib.
Qeyd edək ki, Avstriya Teleradiosunun (ORF) təşəbbüsü və təşkilatçılığı ilə sayca 23-cü dəfə keçirilən gecədə ölkə üzrə 700-dək muzey və qalereya iştirak edib. Məqsəd insanlara muzey, qalereya və sərgi salonlarına olan marağını artırmaq və mövcud sərgi və kolleksiyaları ictimaiyyətə tanıtmaqdır. “Muzeylərin uzun gecəsi”ndə iştirak edən tərəfdaşlar həmin dövrdə mövcud sərgi və kolleksiyaları ilə yanaşı, məhz həmin axşam üçün xüsusi proqram da təklif edə bilərlər. Buraya uşaqlar üçün fəaliyyətlər, vorkşoplar, musiqili proqram, bələdçinin iştirakı ilə xüsusi ekskursiya, təqdimat və ya məruzələr daxildir.
Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi də uşaqlar üçün xüsusi proqram hazırlayıb və almandilli məkanda bir ilkə imza atıb. Görkəmli Azərbaycan ədibi Abdulla Şaiqin müəllifi olduğu “Tıq-tıq xanımın nağılı“ əsərinin motivləri əsasında uşaqlar üçün kukla tamaşası hazırlanıb. Mərkəzin rəhbəri Leyla Qasımovanın bədii rəhbərliyi əsasında hazırlanan tamaşa mərkəzin əməkdaşı Rəşidə Əsgərli tərəfindən alman dilinə tərcümə edilib, rolların ifasında isə onu həmkarı Gülər Əzizova dəstəkləyib. Səhnə dekorasiyalarını Əməkdar rəssam Əsmər Nərimanbəyova tərtib edib, musiqi parçaları Avstriyada yaşayan azərbaycanlı musiqiçi Jalə Rəsulova, mahnıların səsləndirilməsini isə onun qızı Sofiya Feyzullayeva tərəfindən həyata keçirib.
Axşam ərzində iki dəfə nümayiş etdirilən tamaşa uşaqlar və onların valideynləri tərəfindən böyük maraqla qarşılanıb və yaxın gələcəkdə başqa Azərbaycan nağıllarının nümayişinə dair arzu ifadə edilib.
Sonra uşaqlar Əməkdar rəssam Əsmər Nərimanbəyovanın Azərbaycan nağıllarının motivləri əsasında hazırladığı eskizlər və Toğrul Nərimanbəyovun əsərlərinin konturları əks olunmuş kağızları həvəslə rəngləyiblər.
Səhər saatlarına kimi davam edən tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinə yüzlərlə incəsənətsevər baş çəkib, sərgi ilə tanış olub və kukla teatrını seyr edib.