Azərbaycan Akademik Birliyinin yenidən təşkilatlanmadan sonra Vyanada Azərbaycan icması ilə görüşü keçirilib

28 yanvar 2022, 18:00
Bellaria Strasse 8, Wien 1010

Yanvarın 28-də Vyanada Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə Avstriyadakı Azərbaycan icması ilə görüş keçirilib.Cəmiyyətin fəxri sədri, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin məsul əməkdaşı Tofiq Mürşüdlü çıxışında bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yerləşdiyi regionda yeni reallıqlar yaradıb. Bu reallıqlardan çıxış edərək Azərbaycanın xarici siyasəti və diaspor fəaliyyətində yeni prioritetlər meydana gəlib. Məhz buna görə təşkilat Avstriyada yaşayan bütün soydaşlarımızı Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması və yerli qurumlarla səmərəli əməkdaşlığın təşkili üçün öz ətrafında birləşməyə dəvət edir. Xüsusi vurğulanıb ki, təşkilat yarandığı dövrdəki adı ilə fəaliyyətini davam etdirsə də, o, bütün yaş və sosial qrupları təmsil edən soydaşlarımız üçün açıqdır və istənilən şəxs Birliyə qoşula bilər.

 

Akademik Birliyin sədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşı Kamal Əkbərov çıxışında təşkilatın strukturu, idarə heyəti, üzərində iş aparılan layihələr, il ərzində görüləcək işlər barədə danışıb. Qeyd edilib ki, yenidən təşkilatlanmadan keçən qısa vaxt ərzində Akademik Birlik Azərbaycan klassik musiqisinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə beynəlxalq piano müsabiqəsi elan edib. Həm Avstriya, həm də Azərbaycan qurumları ilə əməkdaşlığa çalışan təşkilat Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, digər hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır. O, icma ilə görüşün təşkilində göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.