AZƏRBAYCANLI XOREOQRAFLAR AVROPANIN ƏN BÖYÜK RƏQS FESTİVALINDA İŞTİRAK EDİRLƏR

14 iyul 2017, 17:00
Bellaria strasse 8, 1010 Wien

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Avstriyanın tanınmış “İmPulsTanz” beynəlxalq rəqs festivalının təqaüd proqramının açılış mərasimi keçirilib.Azərbaycandan festivala dəvət olunan xoreoqrafları təqdim edən L.Qasımova Sabina Məmmədovanın festival rəhbərliyi tərəfindən beş həftəlik “danceWEB” təqaüd proqramında iştiraka layiq görüldüyünü, digər xoreoqraflar Leyli Mişina, Baira Babayeva və Ruslan Tolmaçevin festival çərçivəsində simpoziumlarda iştirak edəcəklərini bildirib.

Sonra festivalın intendantı Karls Reqensburqer və prezidenti Manfred Forstenlehner çıxış ediblər. Onlar festivalın təqaüd proqramının açılış mərasiminə ev sahibliyi etdiyinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkür ediblər. Bildirilib ki, “İmPulsTanz” festivalının mühüm tərkib hissəsinə çevrilən “danceWEB” təqaüd proqramı ötən əsrin 90-cı illərində təsis olunub və bu il dünyanın 40 ölkəsindən 65 gənc xoreoqraf proqramda iştirak edəcək. Müasir rəqs və perfomans üzrə yeni biliklər və texniki imkanların tədris olunduğu təqaüd proqramı gənc xoreoqraf və rəqqaslara beynəlxalq səviyyədə tanınmış xoreoqrafların rəhbərliyi ilə aparılan vorkşoplarda iştirak etmək, ünsiyyət qurmaq və professional səhnə imkanlarını genişləndirmək üçün geniş şərait yaradacaq. 1996-cı ildən bəri dünyanın 87 ölkəsindən 1100-dən artıq təqaüdçünün qatıldığı proqram gənc xoreoqraflara sənətin incəliklərinə yiyələnməkdə böyük dəstək olub.