Mədəniyyət Mərkəzi yetişməkdə olan gənc sənətçilərə xüsusi diqqət ayırır, onların öz səhnə bacarıqlarını geniş ictimaiyyətə tanıtmasına dəstək göstərir. Məhz belə uğurlu əməkdaşlıq Avstriyanın Azərbaycandakı səfirliyi və Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ilə ərsəyə gəlib.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Azərbaycanın və Avstriyanın gənc musiqiçilərinin birgə konserti barədə razılıq əldə olunub. Bununla da Avstriyanın Klagenfurt şəhərində doğulmuş Kiara Taler ilə bakılı Fidan Hüseynova və Valeh Hüseynbəyli arasında əməkdaşlığın əsası qoyulub. Dünyanın başqa ölkələrindəki həmyaşıdları ilə səhnəyə çıxmaq arzusunda olan gənc musiqiçilər insanların ön mühakimələr olmadan birlikdə çox işlərə qadir olduqlarını öz əməkdaşlıqları ilə nümayiş etdirirlər. Musiqinin insanları birləşdirən körpü rolu oynadığını və fərqli mədəniyyətə qarşı hörmət hissi aşıladığını yaxşı bilən yeniyetmələr məhz öz mahnıları ilə insanlar arasında dostluq və qarşılıqlı rəğbəti tərənnüm etmək niyyətindədirlər.
Konsertdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış filmlərdən parçalar, eləcə də Azərbaycan və Avstriya xalq mahnıları ifa olunub.
Yeniyetmə musiqiçiləri birgə konsert üçün Solmaz Aslanova (vokal) və Sevinc Əzizova (fortepiano) hazırlayıblar.