Fuad Axundov Azərbaycandakı alman icmasının tarixi barədə geniş məruzə ilə çıxış edib. Foto və videotəqdimatla müşayiət olunan məruzədə Cənubi Qafqazda alman koloniyalarının yaranmasına aparan tarixi yol barədə məlumat verilib. Bildirilib ki, çar Rusiyasının yeni işğal olunmuş ucqar əyalətlərinə həm zəhmətkeş, həm də hökumətə loyal olan, eləcə də dininə görə yerli əhalidən fərqlənən etnik qrupların köçürülməsi ənənə halını almışdı. Napoleona qarşı müharibələrdə əldən düşmüş Avropada vergi və hərbi səfərbərlikdən bezən, əkin və təsərrüfatları viran qalan kəndlilər xam torpaqlara köç etməyə üstünlük veriblər. Beləliklə 1817-ci ildə Cənubi Qafqazda ilk alman məskəni indiki Gürcüstan ərazisində yaranıb, 1819-cu ildə isə Almaniyanın indiki Baden-Vürttemberq əyalətindən köç edən alman kəndliləri Azərbaycan ərazisində ilk məskənlərini – Yelenendorf kəndini salıblar. Zəhmətkeş şvab almanları yerli əhali ilə mehriban qonşuluq şəraitində yaşamaqla qısa zamanda üzümçülük, əkinçilik, heyvandarlıq və digər sahələrdə ciddi yüksəlişə nail olublar. Tezliklə alman məskənlərinin sayı səkkizə çatıb.
Simens qardaşlarından tutmuş “Konkord” şirkətinə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən alman koloniyaçıları barədə məlumat verən Fuad Axundov onların Azərbaycan iqtisadiyyatına, eləcə də elm, memarlıq, ictimai mühit və digər sahələrə töhfələrini də diqqətə çatdırıb.