GÖRKƏMLİ YAZIÇI, BÖYÜK ALİM VƏ PEDAQOQ MİR CƏLAL PAŞAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ

05 noyabr 2013, 18:00
Bellaria Strasse 8, 1010 Wien

Noyabrın 5-də Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

Tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri, Vyanada fəaliyyət göstərən bəzi ölkələrin mədəniyyət mərkəzlərinin əməkdaşları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Mərkəzin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışmış, bu il yazıçının 105 illik yubileyinin həm Azərbaycanda, həm də xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırmışdır. Mir Cəlalın ədəbi yaradıcılığı ilə yanaşı, Azərbaycanda ədəbi tənqid məktəbinin banilərindən biri olduğunu qeyd edən L.Qasımova yazıçını tələbələrinin sevimlisi olan, işlədiyi kollektivdə böyük hörmət qazanan, kiçikdən böyüyə hamıya mehribanlıq və səmimiyyətlə yanaşan müəllim, iş yoldaşı, ailə başçısı kimi xarakterizə etmişdir. Bildirmişdir ki, Vətəni Azərbaycan üçün layiqli övladlar böyütmüş görkəmli şəxsiyyətə ən yaxşı əsəri barədə ünvanlanmış suala fəxrlə “Mənim ailəm mənim ən yaxşı əsərimdir” cavabını vermişdir.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan Mir Cəlal Paşayevin yaradıcılığının ölkəmizdə və onun hüdudlarından kənarda geniş tanındığını, 2008-2009-cu illərdə UNESCO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edildiyini, bu təşkilat çərçivəsində görkəmli yazıçının 100 illik yubileyinin geniş qeyd edilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev Mir Cəlal haqqında məruzəsində görkəmli yazıçının həyat və yaradıcılığına geniş nəzər salmış, onun Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin, ədəbi tənqid və digər sahələrin inkişafındakı rolundan bəhs etmişdir. Bildirilmişdir ki, hələ gənc yaşlarında qələmə aldığı “Bir gəncin manifesti” romanı ilə geniş oxucu kütləsinin rəğbətini qazanan Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafına böyük töhfələr vermişdir. Əbəs yerə deyildir ki, Mir Cəlal yaradıcılığına qiymət verilərkən onu “kiçik janrın böyük ustası” kimi səciyyələndirənlər çoxdur. İncə yumor və sərrast satira çalarları ilə yazılmış “Anket Anketov”, “İclas qurusu”, “Həkim Cinayətov”, “Ay İsmayıl, bir başa sal!” kimi hekayələrin ana qayəsinə toxunan V.Hacıyev həmin əsərlərdə yazıçının cəmiyyətin aktual problemlərini ustalıqla qamçıladığını diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, görkəmli alimin “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “XX əsr Azərbaycan ədəbiyyatı” kimi elmi iş və monoqrafiyaları onilliklərdən bəri ali təhsil ocaqlarında tədris vəsaiti kimi istifadə olunmaqdadır.

Tədbirin bədii hissəsində Vyana Universitetinin doktorantı Yaqut Abdalla və Ştefan Rollfinke Azərbaycan və alman dillərində yazıçının məşhur “Anket Anketov”, “Ay İsmayıl, bir başa sal!” və “Öyrəncəkli” hekayələrindən parçalar oxumuşlar.

Skripkaçı Stefan Kamilarov pianoda Marqarete Babinskinin müşayiəti ilə Qara Qarayev, Volfqanq Amadey Motsart və Ludviq van Bethovenin əsərlərini ifa etmişdir.

Tədbirdə Mir Cəlalın həyatının müxtəlif dövrlərini əks etdirən fotolar əsasında hazırlanmış videomaterial nümayiş olunmuşdur.

Sonda qonaqlara ziyafət verilmişdir.