Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində gənc Azərbaycan rəssamı İslam Həsənəlizadənin rəssamlıq və heykəltəraşlıq əsərlərindən ibarət sərgisi açılmışdır.
Vernisajın açılışında Avstriya parlamentinin deputatları, hökumət təmsilçiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və incəsənətsevərlər iştirak etmişlər.
Sərginin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin mütəmadi olaraq Azərbaycan mədəniyyətinə, ədəbiyyat və musiqisinə həsr olunmuş tədbirlər keçirdiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, bu sərgi mədəniyyət mərkəzinin təsis edildiyi vaxtdan bəri təşkil olunmuş ilk sərgidir. Sərgidə gənc rəssamın əsərlərinə yer verilməsi təsadüfi deyildir və simvolik xarakter daşıyır. Mərkəzin məqsədi istedadlı rəssamlardan ibarət gənc nəsli Avstriya ictimaiyyətinə tanıtmaq, müasir Azərbaycan incəsənətini Avropaya təqdim etməkdir.
Bildirilmişdir ki, mədəniyyət mərkəzi Azərbaycan mədəniyyətinin Avstriyada tanıdılması məqsədi ilə müxtəlif səpkili tədbirləri davam etdirəcək və bu istiqamətdə avstriyalı tərəfdaşları ilə əməkdaşlığı genişləndirəcəkdir.Rəssam barəsində qısa məlumat verən L.Qasımova indiyədək İslam Həsənəlizadənin Azərbaycanın hüdudlarından kənarda – Rusiya, İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, Gürcüstan və başqa ölkələrdə əsərlərinin nümayiş olunduğunu nəzərə çatdırmışdır. Vyanada təşkil olunmuş sərgi isə rəssamın fərdi sərgisi olduğuna görə xüsusilə diqqətəlayiq hadisə kimi qiymətləndirilmişdir.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov öz çıxışında Azərbaycan Mədəniyyət Mərkəzinin yarandığı qısa müddət ərzində müxtəlif tədbirlər təşkil etməsini təqdirəlayiq hal kimi dəyərləndirmiş, sıx əməkdaşlıq şəraitində bundan sonra da Azərbaycanın təbliği istiqamətində sanballı tədbirlərə imza atılacağına ümidvar olduğunu bildirmişdir.
Sərgi oktyabrın 22-dək davam edəcəkdir.