İyunun 19-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı Anarın alman dilində nəşr olunmuş hekayələr kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Kitab Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə „Renate Rollfinke“ nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Hekayələri alman dilinə Azərbaycan dilinin tədqiqatçısı, şərqşünas xanım Liliane Qrimm tərcümə etmişdir. Kitabda Anarın məşhur „Mən, sən, o və telefon“, „Dantenin yubileyi“, „Xeyirxah padşahın nağılı“ və digər hekayələri yer almışdır.
Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə Avstriya ictimaiyyətinin nümayəndələri, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə maraq göstərən şəxslər, mətbuat nümayəndələri iştirak edəcəklər. Təqdimat mərasimində Azərbaycanın xalq yazıçısı Anarın da iştirakı gözlənilir.