Respublika Günü və möhtəşəm Zəfər münasibətilə Avstriyanın Baden şəhərində təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Baden Şəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbirdən əvvəl Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer giriş sözü ilə çıxış edib. O bildirib ki, Baden şəhəri ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında uğurlu əməkdaşlıq qurulub və artıq bir neçə ildir ki, Azərbaycan musiqisi bu şəhərin mədəniyyət proqramının tərkib hissəsinə çevrilib.Qala-konsertdə Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edib. Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Aqşin Əlizadə, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Müslim Maqomayev, Fərhad Bədəlbəyli və digərlərinin əsərləri ifa olunub. Dirijor Fuad İbrahimov tamaşaçılara hər bir əsərin ifasından əvvəl onun bəstəkarı, əsərin tarixçəsi barədə məlumat verib.
Qeyd edək ki, qala konsert Azərbaycan klassik əsərlərindən birinin premyerası ilə də yadda qalıb. Gənc Azərbaycan bəstəkarı, 44 günlük Vətən müharibəsinin iştirakçısı Vüqar Məmmədzadənin Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan silahdaşlarının ruhuna ithaf etdiyi “Mənim yolum” adlı əsəri də ilk dəfə bu konsertdə səslənib. Qoboy və orkestr üçün bəstələnmiş əsəri Vyanada yaşayan və əslən Türkiyədən olan gənc qoboy ifaçısı İrem Mercan orkestrin müşayiəti ilə ifa edib. Konsertdə solistlər Əməkdar artist Şəhriyar İmanov (tar), Mərziyyə Hüseynova (soprano), Orxan Cəlilov (tenor), Jalə Rəsulova və Etibar Əsədlinin (hər ikisi fortepiano) ifaları böyük maraqla qarşılanıb.