Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub.Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi mədəniyyət günlərinin ilk konserti Baden Konqres salonunda baş tutub.
Konsertdən əvvəl giriş sözü ilə çıxış edən Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer bildirib ki, təmsil etdiyi şəhərlə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq artıq ənənə halını alıb. Baden şəhərində Azərbaycan musiqisinə böyük həvəsin olduğunu bildirən H.-Q. Ramaxer koronavirus pandemiyası ilə əlaqədar mədəni tədbirlərin bərpasından sonra ilk konsertin Azərbaycana həsr olunmasının da təsadüfi olmadığını diqqətə çatdırıb.
Mədəniyyət günləri çərçivəsində ilk konsertdə Əməkdar artist Şəhriyar İmanovun rəhbərliyi ilə trio çıxış edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Avropa bəstəkarlarının əsərləri etno-caz üslubunda ifa olunub.
Qeyd edək ki, Mədəniyyət Günlərinin ilk günü gənc və istedadlı pianoçu Etibar Əsədli və Şəhriyar İmanov triosu birgə etno-caz konserti ilə çıxış edib. Mədəniyyət Günlərinin ikinci günündə Etibar Əsədli solo konsert proqramı ilə musiqisevərlərin qonağı olacaqdır. Mədəniyyət Günlərinin yekun konserti isə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə yekunlaşacaq. Konsertdə Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edəcək, solistlər arasında Avstriyada yaşayan gənc Azərbaycan musiqiçiləri Mərziyyə Hüseynova (soprano), Orxan Cəlilov (tenor), Jalə Rəsulova (fortepiano) yer alacaqlar.