Mayın 26-da Avstriyanın Baden şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən konsert 28 May – Respublika Gününə həsr olunub.
Konsertdən əvvəl Baden şəhər Kurort Parkının rəhbərliyi adından qonaqlar salamlanıb. Qeyd edilib ki, 52 hektar ərazini əhatə edən kurort Avropada ən böyük kurort parklarından biridir və salındığı 1792-ci ildən bəri təbiət, istirahət və mədəniyyət burada ön planda dayanır. Kurortun ərazisindəki musiqi pavilyonunda hər il yaz-yay mövsümündə klassik konsertlər təşkil edilir və ənənəvi olaraq musiqisevərlər açıq səma altındakı bu konsertləri seyr etmək üçün müxtəlif yaşayış məntəqələrindən buraya üz tuturlar.
Həmçinin bildirilib ki, Baden Şəhər Bələdiyyəsinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı nəticəsində parkda ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət bahar konsertinin keçirilməsi qərarlaşdırılıb.
Konsertdə Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə çıxış edib. Konsertdə ölkəmizin görkəmli bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Aqşin Əlizadə, Vaqif Mustafazadə, Müslüm Maqomayev və Fərhad Bədəlbəylinin əsərləri ifa olunub. Solistlər Mərziyyə Hüseynova (sopran), Lada Atlantova (sopran), Evert Sooster (bariton), Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayevin (skripka) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Park ərazisində qurulmuş guşədə Azərbaycan mədəniyyəti, tarixi, kulinariyası və turizm imkanlarına həsr olunmuş kitab və broşürlər təqdim edilib.
Qeyd edək ki, Vyanadan cəmi 25 km məsafədə yerləşən füsunkar Baden şəhəri bəstəkarların sevimli gəzinti və istirahət məkanı olub. Bethoven və Motsart kimi dahi bəstəkarlar bu şəhərdə yay tətillərini keçirib, ənənəvi olaraq burada klassik musiqiyə böyük diqqət göstərilib. Şəhər sakinləri, buradakı kurortda istirahətə gələnlər və şəhərin qonaqları yaz-yay mövsümündə açıq səma altında keçirilən klassik konsertləri diqqət mərkəzində saxlayırlar. Ənənəvi olaraq tələbkar dinləyici auditoriyası kimi tanınan Baden sakinləri konsert proqramından və ilk dəfə dinlədikləri klassik Azərbaycan musiqisindən böyük zövq alıblar.