Avstriyada geniş oxucu kütləsinə malik və əsasən diplomatik korpusun fəaliyyətindən bəhs edən “Society“ dərgisinin təşkilatçılığı ilə ölkənin Milli Kitabxanasında Novruz bayramı münasibətilə tədbir keçirilib.
Bayram şənliyinə Novruzun milli bayram kimi qeyd olunduğu ölkələrin nümayəndələri qatılıblar. Bayram tədbirində ölkəmizi Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, yerli media, Şərq mədəniyyəti və musiqisinə maraq göstərən insanlar iştirak ediblər.
Bayram şənliyində ondan çox ölkənin hər biri ayrıca guşədə Novruzla bağlı adət-ənənə, kitab və broşürlər, suvenir və şirniyyatlar təqdim ediblər. Azərbaycan guşəsində xalqımızın əziz bayramı Novruz barədə materiallarla yanaşı, Azərbaycana səyahət üçün məlumatlandırıcı kitabçalar, eləcə də mədəniyyətimiz, tariximiz, mətbəximiz, musiqi və adət-ənənələrimiz barədə materiallar təqdim olunub. Xüsusi ekranda isə Azərbaycana həsr edilmiş videoçarxlar nümayiş olunub.
Kulinariya bölməsində isə ölkələr öz milli mətbəxlərini təqdim ediblər. Burada da tədbir iştirakçıları Azərbaycanın milli təamlarına qonaq ediliblər.
Tədbirin bədii hissəsində Azərbaycan, Qazaxıstan, İraq, İran və Əfqanıstan musiqiçiləri səhnəyə çıxıblar. Görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu Novruz bayramı münasibətilə xüsusi proqramla çıxış edib. Azərbaycan ifaçılarının təqdimatı böyük marağa və sürəkli alqışlara səbəb olub və tədbirin aparıcısı proqramdankənar əlavə mahnıların ifasını xahiş edib. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri milli rəqslərimizlə proqramı davam etdiriblər.