Tədbirdə Avstriyanın hökumət və dövlət rəsmiləri, hər iki ölkədən parlamentin üzvləri, Avstriya-Azərbaycan Ticarət Palatasının üzvü olan aparıcı şirkətlərinin nümayəndələri, iş adamları iştirak ediblər.
Tədbirin giriş hissəsində təşkilatın yarandığı gündən indiyədək keçdiyi yol, qarşılıqlı səfərlər və görüşlərdən bəhs edən film nümayiş etdirilib.
Tədbirin açılışında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Qerald Qerstbauer, Avstriya Parlamentinin üzvü Martin Enqelbert çıxış ediblər. Çıxış edənlər bu təşkilatın iki ölkə arasında həm iqtisadi, həm də mədəni əlaqələrin inkişafında rolundan bəhs ediblər. Qeyd edilib ki, Azərbaycanın Avstriyadakı keçmiş səfiri, mərhum Fuad İsmayılov bu təşkilatın qurulması və Azərbaycanda ilk təmasların yaranmasında yaxından iştirak edib. Ötən illər ərzində ATAZ-ın fəaliyyəti, qurduğu əlaqələr və şəbəkə sayəsində bir çox işgüzar münasibətlər davamlı iş birliyinə və möhkəm dostluğa çevrilib.
Azərbaycan və Avstriya arasında bir çox oxşar cəhətlərin mövcudluğuna diqqət çəkən natiqlər müstəqil və bloklara qoşulmadan siyasət yürüdən hər iki ölkənin yerləşdiyi regionda mühüm əhəmiyyətini, bu qarşılıqlı əlaqələrdən gələcəkdə regional əlaqələrin inkişafına da töhfələr verilə biləcəyini qeyd ediblər. Bildirilib ki, təşkilat Azərbaycan və Avstriya arasında ən yüksək ranqlı səfərlərdə öz nümayəndə heyəti ilə iştirak edib, dəfələrlə Azərbaycana işgüzar dairələrin səfərlərini, eyni zamanda, Azərbaycan nümayəndələri üçün Avstriyanın regionları ilə tanışlıq turları hazırlayıb. Bununla da qarşılıqlı iqtisadi maraqların inkişafını dəstəkləyib. Möhkəm bünövrə üzərində dayanan təşkilatın növbəti dövrlərdə də hər iki ölkənin dövlət, hökumət və parlamentlərinin dəstəyi ilə Azərbaycan və Avstriya arasında iqtisadi bağları daha möhkəmləndirəcəyinə inam ifadə olunub.
Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti Şəhriyar İmanov rəhbərlik etdiyi musiqi qrupu ilə çıxış edib.