AIDA MAHMUDOVA " LANDSCAPED"

09 aprel 2017, 19:00
Bellaria strasse 8, 1010 Wien

Azərbaycan Mədəniyyət Mərkəzində istedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın “Landscaped” adlı fərdi sərgisi açılıb.Rəsm silsilələrində A.Mahmudova bir sıra mövzularla yanaşı, xatirələr və nostalji hissləri araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. O, diqqətdən kənar yerli və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə, Vətəninin gözəlliklərini təsvir edir.Avstriyalı incəsənətsevərlər Aida Mahmudovanın əsərləri ilə indiyədək 2013-cü ildə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” və 2014-cü ildə isə “VIENNAFAIR The New Contemporary” müasir incəsənət yarmarkasında tanış olmaq imkanı əldə ediblər. “Landescaped” isə gənc rəssamın Avstriyada nümayiş olunan ilk fərdi sərgisidir.Qeyd edilib ki, rəssamlıq fəaliyyəti ilə yanaşı, Aida Mahmudova uğurlu incəsənət layihələrini də həyata keçirir. O, 2011-ci ildə əsası qoyulan “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. “YARAT” Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.Tədbirdə Vyanada yaşayan gənc musiqiçilər Jalə Rəsulova (fortepiano), Fərid Feyzullayev (violin) və Antonio Çorbaciyski (violonçel) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər.