ADA Universiteti məzunlarının ikinci forumu

11 noyabr 2023, 09:00
Bellariastraße 8, 1010 Vyana, Avstriya

Noyabrın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ADA Universitetinin məzunlarının ikinci forumu keçirilib.

ADA Universiteti və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, ölkəmizin Avstriyadakı səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə keçirilən tədbirdə ADA Universitetinin Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və əcnəbi məzunları, diplomatik korpusun nümayəndələri və elmi-akademik dairələrin təmsilçiləri iştirak ediblər. Foruma ADA Universitetinin dünyanın 30-a yaxın ölkəsindən 100-dən artıq məzunu qatılıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək elmi və mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb, mədəniyyət diplomatiyasının mədəniyyətlərarası dialoq, rəğbət və dözümlülük istiqamətində töhfələrini diqqətə çatdırıb.

Sonra Azərbaycanın Avstriyadakı səfirliyinin müşaviri Azad Aslanov, Gənclər Fondunun Icraçı direktoru Qədir Xəlilov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Teymur Süleymanzadə, ASAP-ın Macarıstan üzrə nümayəndəsi Günay Bayramova çıxış ediblər.

Avstriyanın Azərbaycandakı sabiq səfiri Marius Kalliqaris (2006-2009-cu illər) ölkəmizin beynəlxalq diplomatiyada mövqeyinə, şəxsi təcrübəsi və müşahidələri əsasında regionda gedən proseslərə dair fikirlərini bölüşüb, məzunları maraqlandıran sualları cavablandırıb.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin təqdimatında bu ali təhsil ocağının regional və beynəlxalq əməkdaşlıq əlaqələrindən, bu münasibətlərin genişləndirilməsində məzunların rolundan və onların Azərbaycanla digər ölkələr arasında əlaqələrin inkişafına verə biləcəkləri töhfədən bəhs edilib.

Çıxışlardan sonra “ADA Universitetinin gələcək strategiyası və məzunların rolu” mövzusunu qrup müzakirələri keçirilib və əvvəlcədən müəyyən edilmiş mövzular üzrə yaradılan qruplar öz müzakirə nəticələrini təqdim edib, gələcək inkişafla bağlı təkliflərini səsləndiriblər.

Bədii hissədə Avstriyada təhsil alan gənc azərbaycanlı musiqiçilər Tamilla Sadıqbəyli (fortepiano) və Günel Şirinova (soprano) Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.