Milli dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus şərəfli yeri var. 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsinin imzalanmasından və demokratik dövlət quruculuğuna başlanmasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri də Azərbaycan Cümhuriyyətinin dünya birliyi tərəfindən tanınmasına nail olmaq, onun müstəqilliyinə və ərazi bütövlüyünə beynəlxalq təminat almaq idi. Məhz buna görə də 1919-cu ilin yanvarında yeni dünya düzəni formalaşdırmaq üçün çağırılmış Paris Sülh Konfransına Azərbaycan hökuməti də öz nümayəndə heyətini göndərib.
Görkəmli hüquqşünas və diplomat Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi heyət Paris Sülh Konfransında iştirak edən dövlət başçıları və nümayəndə heyətləri ilə çoxsaylı görüşlər keçirib, xalqımızın müstəqillik arzusu, bu yolda verdiyi qurbanlar barədə konfrans iştirakçılarını məlumatlandırıb, Azərbaycanın tanıdılması məqsədilə fəal təbliğat işi aparıb. Təxminən bir il aparılan fədakar mübarizə, nəhayət, öz nəticəsini verib: 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyi de-fakto tanınıb.