“XƏZƏR VİRTUOZLARI”

07 may 2017, 19:00
Lothringerstraße 20, 1030 Wien

Mayın 7-də Vyananın “Konzerthaus” mədəniyyət evində “Xəzər virtuozları” orkestri klassik konsert proqramı ilə çıxış edib.

Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda keçirilən konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

Vyana Konservatoriyasının tələbəsi Mustafa Mehmandarovun bədii rəhbərliyi və dirijorluğu ilə keçən konsertdə bəstəkarlar Antonio Vivaldı, Fikrət Əmirov, Aqşin Əlizadə, Dmitri Şostakoviç, Yohann Sebastian Bax, Yohann Bramsın əsərləri səsləndirilib. Konsertdə solistlər Boris Kuşnir və Anar İbrahimovun (hər ikisi violin) mükəmməl ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Almaniyanın Cənubi Vestfaliya Filarmoniyasının konsertmeysteri, beynəlxalq müsabiqələr laureatı Anar İbrahimovun quruluşunda A.Vivaldinin “Dörd fəsil” konsertlər dəstinin özünəməxsus interpretasiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.Vyana Prayner Konservatoriyasında dirijorluq fakültəsində təhsil alan gənc azərbaycanlı musiqiçi Mustafa Mehmandarovun təsis etdiyi “Xəzər virtuozları” orkestri repertuarında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinə geniş yer verir. Orkestrin hədəfləri Avropada təhsil alan gənc və talantlı azərbaycanlı musiqiçiləri bir araya gətirmək və klassik Azərbaycan musiqiçisini avropalı musiqisevərlərə yaxından tanıtmaqdır.