VYANADA MƏŞHUR AZƏRBAYCAN PİANOÇUSU ZÖHRAB ADIGÖZƏLZADƏNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONSERT KEÇİRİLMİŞDİR

28 noyabr 2013, 19:00
Bellariastrasse 8, 1010 Wien

Noyabrın 28-də Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli pianoçusu, Xalq Artisti, professor Zöhrab Adıgözəlzadənin xatirəsinə həsr olunmuş konsert keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova demişdir ki, görkəmli pianoçu uzun müddət Vyana və bu şəhərin musiqisevərləri ilə bağlı olmuş, dəfələrlə burada tanınmış orkestrlərlə birgə konsertlər vermişdir.

Tədbirin “Culture Meeting Point” təşkilatı ilə birgə təşkil olunduğunu vurğulayan L.Qasımova bildirmişdir ki, mədəniyyət mərkəzinin əsas məqsədi yalnız öz tədbirlərini diqqət mərkəzində saxlamaq deyil, eləcə də Avstriyadakı digər təşkilatlarla birgə həyata keçirilən layihələr çərçivəsində mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə verməkdir.

“Culture Meeting Point“ təşkilatının musiqi şöbəsinin rəhbəri, musiqişünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova tanınmış pianoçu, pedaqoq və bəstəkar Zöhrab Adıgözəlzadənin həyat və yaradıcılığından, onun Azərbaycanda və Türkiyədə klassik musiqi sənətinin inkişafına verdiyi töhfələrdən danışmışdır.

Qeyd edilmişdir ki, Z.Adıgözəlzadə Avstriyada ilk dəfə 15 il əvvəl, 1998-ci il noyabrın 28-də “Yunus İmre” kvarteti ilə birgə konsert vermişdir və bugünkü tədbirin belə bir məkanda təşkili mərhum musiqiçinin ruhunu da şad edir. Eyni zamanda, F.Tahirova Azərbaycan Mədəniyyət Mərkəzinə ölkəmizin mədəniyyətini və görkəmli şəxsiyyətlərini tanıtmaq üçün həyata keçirilən tədbirlərə görə məmnunluğunu ifadə etmişdir.

Tədbirin bədii hissəsində Türkiyənin Eskişehir Anadolu Universitetinin nəzdində fəaliyyət göstərən “Yunus Emre” kvarteti və pianoçu Fərid Adıgözəlzadə birgə konsert proqramı ilə çıxış etmişlər. Konsertdə məşhur Azərbaycan və türk bəstəkarları Qara Qarayev, Ülvi Camal Erkin, Fikrət Əmirov və başqalarının kvartet və fortepiano üçün əsərləri ifa edilmişdir.

Video: http://www.youtube.com/watch?v=P43RDyTWbPw