VYANADA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN TƏŞKİLATÇILIĞI İLƏ MƏHSƏTİ GƏNCƏVİNİN YARADICILIĞININ 900 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONSERT BÖYÜK MARAQLA QARŞILANMIŞDIR

16 yanvar 2014, 18:30
LOTHRINGERSTRASSE 20, 1030 WIEN

Azərbaycan Respublikası Prezidentinin Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə görkəmli şairənin yubileyi bütün dünyada geniş qeyd olunmaqdadır.

Məhsəti Gəncəvinin yubileyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilməsi də Azərbaycanın tanınmış şairəsinin həyat və ədəbi irsinə olan böyük marağın təcəssümüdür.

Şairənin 900 illik yubileyi Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində fərqli ədəbi-bədii proqramlar çərçivəsində geniş qeyd olunur və yubileyin qeyd edildiyi şəhərlərin sırasına Vyana da qoşulmuşdur.Vyananın ən böyük və nüfuzlu mədəniyyət sarayı “Konzerthaus”da Qədim Musiqi Alətləri Ansamblı və Dövlət Rəqs Ansamblının iştirakı ilə Məhsəti Gəncəvinin yubileyinə həsr olunmuş “Ay parçasıdır gözəl bir qadın” adlı konsert keçirilmişdir.

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Avstriya Parlamentinin üzvləri, dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, avstriyalı musiqisevərlər və soydaşlarımız iştirak etmişlər.

Avstriyanın Ö1 radio kanalında klassik və Şərq musiqisi verilişlərinin tanınmış aparıcısı, musiqişünas və rejissor Nadya Kayali konsertdən əvvəl Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, həmin dövrün ədəbi mühiti, Azərbaycan ədəbiyyatının intibah dövrü hesab edilən XII əsrdə poeziya ilə yanaşı, musiqi və digər incəsənət sahələrində gedən inkişafdan bəhs etmişdir.

Avstriyalı musiqisevərlərə ilk olaraq şairənin təxəllüsü barədə məlumat verən aparıcı bu təxəllüsün farsca “mah” (ay) və ərəbcə “sayyidati” (qadın) sözünün qısaltma forması “sati” kəlmələrinin birləşməsindən əmələ gəldiyini, Şərq ədəbiyyatında gözəl qadının üzünün həmişə ayla müqayisə edildiyini və bunun da Məhsətinin həm gözəl bir qadın olduğuna, həm də dövrünün ədəbiyyatına bir ay kimi doğmasına dəlalət etdiyini bildirmişdir.

Məhsətinin nəinki şairə, eyni zamanda, müğənnilik istedadına malik nadir bir şəxsiyyət olduğunu diqqətə çatdıran N.Kayali şairənin öz rübailərini çəng və bərbət kimi musiqi alətlərində ifa etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, Məhsətinin musiqiyə meylli olması və müxtəlif musiqi alətlərində ifa etməsini, eləcə də rübailərlə həmahəng musiqi parçalarının bəzən ifaçılar tərəfindən bəstələndiyini nəzərə alaraq, onun Şərqin ilk qadın bəstəkarlarından biri olmasını iddia etmək mümkündür. Öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müasirlərini heyran edən Məhsətinin rübailərinin ədəbi-bədii keyfiyyətlərindən bəhs edən aparıcı ərəb və fars dillərini mükəmməl bilən Azərbaycan şairəsinin insan duyğuları, ani yaşantıları və təəssüratlarını böyük ustalıqla kiçik həcmli rübailərdə dolğunluqla əks etdirə bildiyini vurğulamışdır.

Məhsətinin yaşadığı dövrdə Azərbaycan ərazisində istifadə edilmiş musiqi alətlərindən söz açan N.Kayali əsrlər boyu unudulmuş həmin alətlərin görkəmli musiqişünas alim Məcnun Kərim tərəfindən bərpa edilərək yenidən musiqi ictimaiyyətinə təqdim olunduğunu, Qədim Musiqi Alətləri Ansamblının da onun təşəbbüsü əsasında yaradıldığını qeyd etmişdir. Bildirilmişdir ki, M.Kərimin tarixin qaranlığından xilas edərək bərpa etdiyi ondan çox qədim musiqi aləti bu gün ansambla daxil edilmişdir. Onlardan çəng, bərbət, rud, səntur, qanun, nüzhə, rübab və s. digər Şərq ölkələrində də rast gəlinsə də, M.Kərim miniatürlər, müxtəlif şairlərin əsərlərindəki təsvirlər və eləcə də orta əsrlər alimlərinin əsərləri əsasında məhz Azərbaycan üçün spesifik olan alətləri bərpa edə bilmişdir. Həmin alətlər içərisində çəqanə musiqi alətinin digər Şərq ölkələrində ekvivalentinə rast gəlmək mümkün deyil. Şirvanşahlar dövründə hazırlanmış bu alət sırf Azərbaycan aləti hesab edilir və onun dünyada yeganə ifaçısı isə ansamblın bədii rəhbəri Munis Şərifovdur.

Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının konserti olmuşdur. Konsertdə Abdülqadir Marağayi, Səfiəddin Urməvi kimi orta əsrlər bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları da ifa edilmişdir. Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova və Teyyub Aslanov muğam və xalq mahnılarını gözəl ifa edərək tamaşaçıların ürəyini riqqətə gətirmişlər. Əməkdar Artist Kəmalə Hüseynova Məhsəti yaradıcılığını ən gözəl nümunələri olan rübailəri səsləndirmiş, həmin rübailərin almanca tərcüməsi səhnədə qurulmuş geniş ekranda təqdim olunmuşdur.

Konsert zamanı ekranda orta əsrlərə aid Azərbaycan miniatürlərinin nümayiş etdirilməsi tədbirin ab-havasına xüsusi bir gözəllik qatmışdır. Dövlət Rəqs Ansamblının solistləri isə “Tərəkəmə”, “İnnabı”, “Uzundərə” və digər milli rəqslərimizi ifa etmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən konsertlə əlaqədar hazırlanmış 32 səhifəlik proqram broşüründə konsertlə bərabər, Məhsətinin həyat və yaradıcılığı barəsində ətraflı məlumat verilmiş, eləcə də qədim Azərbaycan musiqi alətləri haqqında leksikon məlumatları dərc olunmuşdur.

Tamaşaçıların sürəkli alqışları ilə keçən konsert başa çatdıqdan sonra iştirakçıların təkidli xahişi əsasında ansambl proqramda nəzərdə tutulmamış əlavə musiqi parçaları da ifa etmişdir.