Novruz bayramı münasibətilə konsert

12 mart 2019, 19:00
Bellaria Strasse 8, Wien 1010

Martın 12-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Avstriyanın dövlət rəsmiləri, Vyanada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər. Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir.

2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. 2011-ci ildə isə ATƏT-in Vyanada yerləşən Baş Katibliyi Novruzu rəsmi bayramlar təqviminə daxil edib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi qrupu bayram konserti ilə çıxış edib. Universitetin müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova və xanəndə Əmrah Məcnunov Azərbaycan xalq mahnıları, muğam və təsniflərindən ibarət musiqi proqramı ilə çıxış ediblər. Onları Ramin Rzayev (tar), Rauf Məsimov (kamança) və Ruhulla Dadaşov (nağara) müşayiət ediblər.

Azərbaycanın Əməkdar artisti Eteri Cəfərovanın bədii rəhbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu milli rəqsləri məharətlə ifa ediblər.