Çingiz Babayevin xalçalardan ibarət sərgisi

15 yanvar 2020, 19:00
Bellaria Str 8, Wien 1010

Çingiz Babayev rəssam və heykəltəraş olmaqla yanaşı, xalça dizayneri, zərgər, mum fiqurları ustası kimi uğurlu əsərlərin müəllifidir. Müxtəlif materiallarla işləməyi sevən incəsənət xadiminin xalçalar üçün naxış və eskizləri diqqəti cəlb etdiyinə görə, onun Vyanada ilk xalça sərgisini təşkil etmək ideyası meydana gəlib.

Çingiz Babayev bu sərginin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. O, sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərkən bildirib ki, onun müəllifi olduğu xalçalar ilk baxışda izləyicidə qədim xalçalarla oxşarlıq təsəvvürü yaradır. Lakin onun xalçaları orta əsr xalçaları ilə məzmun və ideyaca fərqlənir, müasir dünyamızın aktual mövzuları, gündəlik həyatın problemlərinə müəllif baxışı bu xalçalarda öz əksini tapır.

Sərgidə Çingiz Babayevin yaradıcılığına həsr olunmuş film nümayiş olunub. Filmdə müəllifin yaradıcılıq emalatxanasında xalça eskizlərinin yaranması və peşəkarlar tərəfindən toxunması barədə görüntülər təqdim olunub.