AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT KEÇİRİLMİŞDİR

23 oktyabr 2013, 19:00
Bellariastrasse 8, 1010 Wien

Oktyabrın 23-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert keçirilmişdir.

Tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin və işgüzar dairələrin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak etmişlər.

Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixinə nəzər salmış, müstəqilliyin yenidən əldə olunmasından 20 illik qısa dövr keçməsinə baxmayaraq, Azərbaycanın böyük uğurlar qazandığını, yerləşdiyi regionda güclü dövlətə çevrildiyini vurğulamışdır.

Konsertdə çıxış edən musiqiçilər Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, çello ifaçısı Dmitri Yablonski, müğənni Yusif Eyvazov, skripkaçı Elvin Qəniyevi təqdim edən L. Qasımova diqqətə çatdırmışdır ki, onları peşəkarlıqda yanaşı, Azərbaycanın müasir musiqi həyatında mühüm bir layihə də birləşdirir. Belə ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Qafqazda ən böyük klassik musiqi tədbiri olan Qəbələ Beynəlxalq Musiqi Festivalında eyni səhnəni bölüşməklə yanaşı, F. Bədəlbəyli və D. Yablonski bu mötəbər tədbirin bədii rəhbərliyini həyata keçirirlər.

Konsertin aparıcısı, Avstriya Teleradiosunun (ORF) Ö1 radio kanalında klassik musiqi verilişlərinin moderatoru Nadya Kayali proqramdakı əsərlər, onların bəstəkarları barədə danışmış, klassik Avropa və Azərbaycan musiqisinə ekskursiya etmişdir. N. Kayali qeyd etmişdir ki, opera həvəskarları italyan bəstəkarı Cakomo Puççinin məşhur “Turandot“ operasını çox sevsələr də, şahzadə Turandotun hekayətinin ilk dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən “Yeddi gözəl“ poemasında öz ədəbi təzahürünü tapdığından bixəbərdirlər.Konsertdə Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunmuşdur.

Dmitri Yablonski çelloda bəstəkarlar Sergey Raxmaninov, Aleksandr Skryabin, Qeorq Benda və digərlərinin əsərlərini pianoda Fərhad Bədəlbəylinin müşayiəti ilə yüksək ustalıqla ifa etmişdir.

Gənc skripkaçı Elvin Qəniyevin yüksək texnika və böyük ustalıqla ifa etdiyi “Karmen fantaziyası“, “Qaraçı havası“ və başqa əsərləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

İtalyan bəstəkarları Françesko Tosti, Cakomo Puççini, Ernesto de Kurtisin əsərlərini ifa edən tenor Yusif Eyvazov bir daha ən böyük opera səhnələrində çıxış etməyə layiq olduğunu sübut etmişdir.

Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmış və böyük anşlaqla keçmişdir. Tamaşaçıların təkidli arzusu əsasında F. Bədəlbəyli öz bəstəsi olan “Dəniz“ kompozisiyasını ifa etmişdir.

Konsertin sonunda F. Bədəlbəyli və D. Yablonski musiqiçilərin adından çıxış edərək bu cür gözəl təşəbbüslə çıxış etdiyinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür etmişlər.

Azərbaycanın beynəlxalq caz və muğam festivallarına ev sahibliyi etdiyini, Heydər Əliyev Fondu tərəfindən Qafqazda ən böyük klassik musiqi tədbirinin – Qəbələ Beynəlxalq Musiqi Festivalının uğurla keçirildiyini vurğulayan musiqiçilər klassik musiqinin beşiyi sayılan Vyana şəhərində Azərbaycan musiqiçilərinin konsert verməsini yüksək dəyərləndirmiş, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildirmişlər.

Konsertdən sonra qonaqlara ziyafət verilmişdir.